Azərbaycanın vergi jurnalı
RESENZİYALI ELMİ JURNAL

Nəşr etikası

Redaksiya heyəti COPE (Nəşr Etikası Komitəsi) tərəfindən verilən bütün təlimat və tövsiyələrə ciddi əməl edir
(daha ətraflı: https://publicationethics.org/resources).

Nəşr etikası və problemli hallarla bağlı bəyanat

(Jurnal redaktorları üçün COPE-nin ən yaxşı praktik qaydaları)

Jurnal nəşri üçün etik qaydalar

Azərbaycanın Vergi Jurnalı məqalələrin nəşri və keyfiyyəti ilə bağlı etikanı təmin etməyə çalışır. Bu səbəbdən nəşr prosesində iştirak edən bütün tərəflərə etik qaydalara uyğun davranmaq tövsiyə olunur: Müəlliflər, Redaktorlar, Rəyçilər və Nəşriyyat. Xüsusilə:

Redaktorlar: Redaksiya heyətinin tövsiyəsinə əsaslanaraq redaktor məqaləni qəbul edə, imtina edə və ya dəyişikliklər edilməsini tələb edə bilər. Redaktor hər bir məqalənin orijinallığının uyğun proqram təminatının köməyilə qiymətləndirilməsini təmin edir. İlkin texniki baxışdan keçirildikdən sonra məqalə qapalı rəy üçün redaksiya heyətinə göndərilir və redaksiya heyəti məqalənin qəbul edilməsi, imtina edilməsi və ya dəyişikliklər edilməsi ilə bağlı tövsiyə verir. Redaktor müəlliflərin təqdim etdiyi məqalələrlə bağlı məlumatların məxfi saxlanmasını təmin edir.

Müəlliflər: Müəlliflər apardıqları orijinal tədqqiqatın dəqiq təsvirini və onun əhəmiyyətinin obyektiv müzakirəsini məqalədə əks etdirməlidir. Məqalələr jurnalın qaydalarına uyğun tərtib olunmalıdır (bax: Müəlliflər üçün qaydalar). Müəlliflər tamamilə orijinal bir tədqiqat təqdim etdiklərindən əmin olmalıdır. Müəlliflər bir əlyazmanı eyni vaxtda birdən çox jurnala təqdim etməməlidir. Müəlliflər tədqiqatda istifadə olunan bütün məlumat mənbələrini qeyd etməli, həmçinin tədqiqat işinə hər hansı təsiri olan nəşrlərə istinad etməlidir. Məqalədə yalnız məqalənin nəzəri konsepsiyası, tərtibatı, təqdim olunan tədqiqatın yerinə yetirilməsi və interpretasiyası ilə bağlı əhəmiyyətli töhfələri olan şəxslər müəllif kimi yer alır, digər əhəmiyyətli töhfəsi olan şəxslər isə həmmüəllif kimi qeyd edilir. Müəllif bütün müəllfilərin məqalənin jurnala təqdim olunmuş versiyasını görməsi və razılıq verməsindən, həmçinin özlərinin adlarının həmmüəllif kimi əks olunmasına etiraz etməməsindən əmin olmalıdır. Müəlliflər məqalənin yazılışı zamanı istifadə olunan məlumat bazasını redaksiya heyəti üçün təmin etməli və bu məlumatları saxlamalıdır. Hər hansı bir anda müəlliflər təqdim olunmuş məqalədə əhəmiyyətli bir səhv və ya qeyri-dəqiqlik aşkar edərlərsə, bu haqda redaktora məlumat verməlidirlər.

Rəyçilər: Müəlliflər tərəfindən təqdim olunmuş məqalə ilə bağlı məlumatları məxfi saxlamalı və onlarla imtiyazlı məlumat kimi davranmalıdır. Rəyçilər müəlliflərin tədqiqatda istifadə edilmiş bütün informasiya mənbələrini məqalədə qeyd etdiklərinə diqqət etməlidir. Rəyçi baxılan məqalədə rəydə olan digər məqalələrlə və ya rəyçinin şəxsən məlumatı olan hər hansı nəşr olunmuş məqalə ilə oxşarlıq və ya müəyyən hissələrin üst-üstə düşməsini müəyyən edərsə, dərhal bu haqda redaktora məlumat verməlidir. Təqdim olunan məqalələrin nəzərdən keçirilməsi obyektiv aparılmalı və rəyçilər öz fikirlərini əsaslandırıcı arqumentlərlə ifadə etməlidir. Rəyçi ona təqdim olunmuş məqaləyə müəyyən edilmiş müddətdə rəy verə bilməyinin mümkünsüz olduğunu müəyyən etdikdə, redaktorla əlaqə saxlamalıdır ki, məqalə başqa rəyçiyə göndərilə bilsin. Rəy prosesinin digər aspektləri ilə bağlı rəyçilər “COPE-nin rəyçilər üçün etik qaydaları”na riayət etməlidir.

Nəşr etikası və problemli hallarla bağlı bütün digər məsələlərdə jurnal Nəşr Etikası Komitəsi tərəfindən hazırlanmış beynəlxalq standartlara ciddi riayət edir.

Bir məqalə təqdim edin