2003-cü ildən etibarən “Azərbaycanın Vergi Jurnalı”nda (AVJ) iqtisadiyyatın, xüsusilə də vergitutmanın nəzəri və praktiki problemlərinə dair orijinal elmi yazılar dərc edilir.
Jurnalın təsisçisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir.
“Azərbaycanın vergi jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilmişdir.
AVJ-də iqtisadiyyatın və vergi siyasətinin müasir problemlərinin elmi yanaşma əsasında şərh edildiyi və bu istiqamətdə həll yollarının təklif edildiyi yazıların dərc olunmasına üstünlük verilir.
AVJ-yə göndərilən yazıların müvafiq sahədə mövcud boşluğu dolduracaq orijinal əsər olması və ya əvvəllər nəşr edilmiş tədqiqatları qiymətləndirərək həmin sahədə yeni və diqqətəlayiq fikirlər ortaya qoyması tələb olunur.
AVJ-yə göndəriləcək məqalələrin əvvəllər başqa bir yerdə nəşr edilməməsi və ya nəşr olunmaq məqsədilə qəbul edilməməsi zəruridir. Əvvəllər hər hansı bir elmi tədbirdə təqdim edilmiş məruzələr (bu hal yazıda açıq bildirilmək şərtilə) AVJ-yə göndərilə bilər.
AVJ-də yalnız resenziyalaşdırma prosesindən keçərək nəşr üçün tövsiyə edilən yazılar dərc olunur.
AVJ hər yarım ildə bir dəfə olmaqla ildə iki dəfə nəşr edilir. Jurnalın nüsxələri kitabxanalara, beynəlxalq indeks təşkilatlarına, abunəçilərə və məqalə müəlliflərinə çap olunduqdan sonrakı bir ay ərzində göndərilir.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq şəkildə təsis edilmişdir. Reyestr N 510
AVJ yüksək nüfuzlu elmmetrik bazalara düşmək kimi hədəf seçmişdir. Bu istiqamətdə bir sıra işlər görülmüşdür: ədəbiyyatlara istinad edilməsi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Daxil olmuş hər bir məqaləyə iki gizli rəyçi təyin olunur və onların müsbət rəyi əsasında və “Strikeplagiarism” antiplagiat sisteminin yoxlanışından müvəffəqiyyətlə keçən məqalə növbəti saylarda dərc edilməsi üçün qəbul olunur. Resenzentlər öz rəyini beynəlxalq standartlara uyğun tərtib olunmuş blank formasını doldurmaqla bildirirlər.
Jurnal elmin müxtəlif sahələri üzrə çalışan mütəxəssislər, doktorant və tələbələr, elmi işçilər üçün nəzərdə tutulmuşdur.