2(134)/2017

От главного редактора

Elşən Hacızadə

iqtisad elmləri doktoru, professor.


Dəyərli oxucular!
Bu il jurnalımızın 15 yaşı tamam olur. Ölkəmizdə iqtisad elminin inkişafına xidmət edən, xüsusən, milli iqtisadiyyatın əsas sütunlarından olan vergilərə dair elmi-nəzəri araşdırmaları stimullaşdıran və onların nəticələrini ictimailəşdirən elmi nəşr kimi “Azərbaycanın vergi jurnalı” ötən illər ərzində təsisçinin - Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyənləşdirdiyi vəzifələri, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərini yerinə yetirməyə, öz fəaliyyətini beynəlxalq standartlara uyğun qurmağa çalışmışdır.
Jurnalımızda elmi məqalələr 4 dildə (Azərbaycan, türk, ingilis və rus), ciddi resenziyalaşdırma tətbiq edilməklə nəşr olunur. İndiyədək işıq üzü görmüş 133 nömrədə, ümumilikdə, 600-yə qədər elmi məqalə dərc edilmişdir ki, bunların arasında xarici ölkələrdən daxil olan çox sayda məqalələr də vardır. 2013-2015-ci illərdə jurnalın İngilis dilində xüsusi buraxılışları çap edilmiş (2013-ci ildə 2 dəfə olmaqla), dünyanın tanınmış elm və təhsil müəssisələrinə, kitabxanalarına göndərilmişdir.
Jurnalın yerli və beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması, xüsusən də, İmpakt-faktor (JCR) səviyyəsinin yüksəldilməsi üçün mühüm əhəmiyyəti olan bu iş davam etdiriləcəkdir. Çap formatı ilə yanaşı, həm də elektron formatda internet resursu kimi fəaliyyət göstərən jurnalımızın  17 beynəlxalq sitatgətirmə bazasına daxil edilməsi, əslində, onun respublikamızdan xaricdə yaxşı tanındığını, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurduğunu təsdiqləyir. Bu faktları xatırlatmaqla qeyd etmək istəyirəm ki, “Azərbaycanın vergi jurnalı” ölkəmizdə həyata keçirilən vergi islahatlarının elmi-nəzəri əsaslara söykəndiyini beynəlxalq miqyasda da uğurla təbliğ edir. Vergi sisteminin dinamikliyi mütərəqqi yeniliklərin, innovasiyaların tətbiqi üçün davamlı islahatların aparılması zərurəti yaradır. Məhz buna görə də Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi potensialının düzgün müəyyənləşdirilməsi, yeni vergi mənbələri hesabına vergitutma bazasının genişləndirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Vergi orqanları qarşısında qoyulmuş vəzifələrin səmərəli icrası, vergiödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması və geniş vergi xidmətlərinin göstərilməsi məqsədilə nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulmuş, həmçinin Vergi Məcəlləsində mühüm dəyişikliklər edilmişdir.

Bütün bunlar bu ildən üç aydan bir nəşr ediləcək “Azərbaycanın vergi jurnalı”nın yaxın perspektivdə səmərəli fəaliyyət və yaradıcılıq istiqa mətlərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Jurnalımızın kollektivi zamanın çağırışlarına həssaslıqla yanaşaraq 2017-ci ildə də üzərinə düşən vəzifələrin yenilikçilik və innovativlik ruhunda yerinə yetirilməsinə, qarşıya qoyulan məqsədlərə nail olmağa çalışacaqdır.

  

e-mail: e.hacizade@vergijurnali.az