2016-N-5-6

Baş Redaktordan

Elşən Hacızadə

iqtisad elmləri doktoru, professor.


Əziz oxucular!


Ənənəvi olaraq, yeni ilin ilk sayında ötən ilin yekunları, bu il qarşıda duran vəzifələr barədə fikirlərimizi sizinlə bölüşmək istəyirik. Qeyd etməliyik ki, dünyada maliyyə-iqtisadi böhranın dərinləşməsinə və onun qaçılmaz təsirlərinin güclənməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 2015-ci ildə də inkişaf etmiş, sosial-iqtisadi proqramlar uğurla icra olunmuşdur. Hazırda cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü düşünülmüş siyasət ölkə iqtisadiyyatının şaxələndirilməsinə, özəl sektorun, xüsusən, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə, sahibkarlığa dövlət dəstəyinin güclən­di­rilməsinə yönəlmişdir.

Ötən il vergi daxilolmaları üzrə proqnozlara da tam əməl olunmuşdur. Müsbət dinamikanın qorunub saxlanılması, ölkə iqtisadi dayanıqlılığın təmin edilməsi üçün,  neft gəlirlərinin azaldığı yeni iqtisadi situasiyanın tələblərinə uyğun olaraq, vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması zərurəti yaradır. Məhz buna görə də Vergilər Nazirliyi tərəfindən aparılan ciddi vergi-büdcə təhlilləri əsasında vergi qanunvericiliyinə bir sıra mühüm dəyişikliklər edilmiş və bu ilin əvvəlindən həmin dəyişikliklər qüvvəyə minmişdir. Bu dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına, sahibkarlığın inkişafına və biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqinə xidmət edir.

İstər yeni iqtisadi situasiya, istərsə də bu situasiyada vergi siyasətinin daha da təkmilləşdirilməsi məsələləri jurnalımızın fəaliyyət və yaradıcılıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

2015-ci ilin redaksiyamız üçün ən əlamətdar yekunlarından biri budur ki, “Azərbaycanın vergi jurnalı” respublikada öz kateqoriyasında yəni fundamental elmi nəşrlər arasında öz yerini daha da möhkəmləndirməklə yanaşı, daxil olduğu beynəlxalq sitatgətirmə bazalarının sayını artıra, İmpakt-faktor (JCR) səviyyəsini xeyli yüksəldə bilmişdir. Əgər bir il əvvəl jurnalımız 13 sitatgötürmə bazasında qeydə alınmışdısa, ötən ilin yekununa görə bu göstərici 17-yə çatmışdır. Jurnalımızda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər qarşısında qoyduğu tələblərə tam əməl edilir. Beynəlxalq standartlara uyğun resenziyalaşdırma sisteminin tətbiqi, elmi məqalələrin görkəmli alimlər, müstəqil ekspertlər tərəfindən resenziyalaşdırılması jurnalımzın elmi dəyərini artırır.

Hər il olduğu kimi, jurnalımız ötən il də görkəmli iqtisadçı alimlərin elmi məqalələri ilə yanaşı, gənc tədqiqatçıların elmi araşdırmalarının nəticələrinə də öz səhifələrində geniş yer vermişdir. Onu da qeyd edək ki, redaksiyaya illik məqalə girişinin sayı, əvvəllər olduğu kimi, 100-ə yaxındır. Ümumiyyətlə, nəşrə başlayandan bəri jurnalımızda 550-yə qədər elmi məqalə dərc edilmişdir və bunların arasında xarici ölkələrdən redaksiyamıza daxil olmuş məqalələr də vardır.

Redaksiyamız 2016-cı ildə də qarşıda duran mühüm vəzifələri layiqincə icra etməyə çalışacaqdır. Təsisçimizin  Azərbaycan Respublikası Vergilər Nazirliyinin fəaliyyətimizə verdiyi dəstək sayəsində biz ölkəmizdə iqtisad elminin inkişafına, xüsusilə vergilər sahəsində elmi-nəzəri araşdırmaların daha da genişləndirilməsinə, gənc elmi kadrların yetişdirilməsinə öz töhfəmizi vermək, nüfuzlu iqtisadçı alimlərimizi vergitutma praktikasının müxtəlif aspektlərinin tədqiqinə və təhlilinə cəlb etmək üçün səylərimizi daha da artıracağıq.

  

e-mail: e.hacizade@vergijurnali.az